Türkiyədə başlarına 900 min pul qoyulan İŞİD-çilər tutuldu
Türkiyənin Gaziantep vilayətində İŞİD terror qruplaşması üzvlərinə qarşı əməliyyat keçirilib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, əməliyyatda İŞİD qruplaşmasının şəhərdə partlayışlar törətməyi planlaşdıran iki terrorçusu və təşkilat üzvü olan bir qadın həbs olunub.
Polisdən verilən açıqlamada həbs olunanların Abdulmübtəlib Dəmir və həyat yoldaşı Gamze Demir, eləcə də İŞİD kimyaçısı və bombaçısı kimi tanınan Talha Günəş olduğu bildirilib.
Qeyd edək ki, daha öncə Türkiyə polisi Abdulmübtalib Demirin olduğu yeri bildirən şəxslərə 600 min, Talha Güneş barəsində məlumat verənlərə isə 300 min türk lirəsi mükafat vəd etmişdi.