Cəlilabadda mobil telefona görə qan töküldü
Cəlilabad sakini həmyerlisinin hücumuna məruz qalıb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Maşlıq kəndi ərazisində qeydə alınıb.
Rayonun Muğan kənd sakini Əliqismət Dövlətov şəxsi münasibətlər zəminində Maşlıq kənd sakini, 25 yaşlı Raul Adıgözəlova şüşə butulkanın qırıntısı ilə hücum edərək, onun bel nahiyəsinə bir neçə zərbə endirməklə ağır bədən xəsarətləri yetirib. Güclü zərbənin təsirindən zərərçəkmiş hadisə yerindəcə huşunu itirib. Köməyə çatan yaxınları Raul Adıgözəlovu dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Burada ona zəruri tibbi yardım göstərilib, yaraları tikilib. Bununla belə, hazırda vəziyyəti ağır olaraq qalır.
Zərərçəkənin sözlərinə görə, Əliqismət Dövlətovla aralarında yaranmış münaqişə mobil telefona görə qaynaqlanıb: "Elə mənim dönməyimlə onun vurması bir oldu. Oradaca qan məni götürdü, yıxıldım yerə. O isə əl çəkməyib, “Səni doğrayacam” deyirdi".
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsinə də məlumat verilib. Hadisənin təfərrüatları araşdırılır.