ABŞ-ın ehtiyatları proqnozu 10 dəfə üstələdi, neft sürətlə ucuzlaşır
Birjalarda neft kəskin ucuzlaşıb. APA TV-nin məlumatına görə, həftənin son iş günü birjalarda “Brent” markalı neftin maksimum qiyməti 45,98 dollar təşkil edib. Səhər seanslarında bu markadan olan neft 45,73 dollardan təklif olunur.
Qərbi Texas neftinin qiyməti də kifayət qədər ucuzlaşıb. Axşam seanslarında WTİ neftinin qiyməti 43,16 dollar olub, səhər isə bu qiymət 43,42 dollara çatıb.
Neftin kəskin ucuzlaşmasına səbəb ABŞ-da hasil olunmuş neft ehtiyatlarının həcminə dair hesabatdır. Birjalar OPEK-ə üzv ölkələrin hasilatı dondura biləcəyi barədə xəbərləri manipulyasiya kimi dəyərləndirir, əvəzində ABŞ-ın neft ehtiyatlarının 2,3 milyon barel artması bazarda təklifin çoxalması kimi qəbul olunub. ABŞ-da ehtiyatların həcmi ilk dəfə olaraq proqnozdan 10 dəfə çox olub və artım qiymətlərin enməsinə ciddi təsir göstərib. Treyderlər hesab edir ki, OPEK-in hasilatı donduracağı barədə söz-söhbətlər artıq bazara təsir etmək iqtidarında deyil.