Özbəkistan Nazirlər Kabineti: İslam Kərimovun vəziyyəti kritikdir
Özbəkistan prezidenti İslam Kərimovun vəziyyəti kritikdir.
APA-nın RİA "Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Özbəkistanın Nazirlər Kabinetinin açıqlamasında bildirilir.
“Çox təəssüflə bildiririk ki, ötən sutka ərzində prezidentimizin səhhəti qəfil pisləşib, həkimlərin fikrincə, onun vəziyyəti kritikdir”, - deyə Özbəkistan Nazirlər Kabinetinin yerli mətbuatda dərc olunmuş məlumatında qeyd olunub.
Özbəkistanın yerli mətbuatı və bəzi xarici KİV-lər isə prezident İslam Kərimovun ata yurdu olan Səmərqənddə dəfn mərasiminin keçirilməsinə hazırlıq işlərinin sürətlə aparıldığını bildirib.
“Reuters” agentliyinin məlumatına görə, hazırda şəhərin mərkəzi küçələrində genişmiqyaslı təmizlik işləri görülür.
Yerli “Fərqanə” xəbər agentliyi də İslam Kərimovun Səmərqənddə dəfninə hazırlıq işlərinin aparıldığını bildirib.
Nəşr sentyabrın 1-də çəkildiyi iddia edilən şəkillərə əsaslanaraq bildirir ki, Özbəkistan lideri iki qardaşı və anasının məzarı yanında dəfn olunacaq.
Agentlik qeyd edir ki, İslam Kərimovun vəfat etməsi barədə məlumat rəsmi olaraq sentyabrın 2-də elan ediləcək. 78 yaşlı Özbəkistan liderinin dəfn mərasiminin sentyabrın 3-də keçiriləcəyi bildirilir.
Qeyd edək ki, “Fərqanə” agentliyi bundan əvvəl İslam Kərimovun avqustun 29-da beyninə qan sızmasından vəfat etdiyini bildirib. Lakin İslam Kərimovun vəfat etməsi xəbəri indiyədək rəsmi təsdiqlənməyib.