Azərbaycandan ilk zəvvar qrupu Həccə yola düşdü
Bu gün Azərbaycandan zəvvarların Həccə növbəti ziyarəti başlayıb. APA TV-nin məlumatına görə, səhər saat 07:00-da azərbaycanlı zəvvarları aparan ilk təyyarə reysi Heydər Əliyev adına Hava Limanından yola düşüb.
Zəvvarları aparacaq növbəti reyslərin sentyabrın 3-ü, 4-ü və 5-i yola düşməsi nəzərdə tutulub.
Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Bu il ilk dəfə olaraq azərbaycanlı zəvvarlar Həccə yalnız biometrik pasportla gedirlər. Sentyabrın 19-da geri dönüş olacaq. Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az - 1500 nəfər müəyyənləşsə də, sonradan bu rəqəm daha da azaldılaraq 1040-a endirilib, daha sonra isə 1050-yə qaldırılıb. Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təminat, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollardır. Ziyarət haqqı bu il ilk dəfə olaraq bank vasitəsilə yox, nağd şəkildə QMİ-yə ödənilir. Dolların kursuna görə builki ziyarət xərcləri ötən illə müqayisədə təxminən 1000 manat bahadır.
Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. Ötən il Həcc ziyarəti kütləvi insan ölümü ilə nəticələnən hadisələrin baş verməsi ilə də yadda qalıb.