Türkiyədə daha 50 min nəfər işdən çıxarıldı, FETÖ şirkətləri dövlətin balansına keçdi

Türkiyədə FETÖ təhqiqatı çərçivəsində daha 50 min insan işdən çıxarılıb. APA TV-nin məlumatına görə, qanun hökmündə qərarlar Türkiyənin rəsmi qəzetində çap olunub.

 

İşdən azad olunanlar Sahil Təhlükəsizlik Qüvvələrindən ictimai təşkilatlara kimi müxtəlif qurumların əməkdaşlarıdır.

 

Qərar çərçivəsində 7669 polis, 28163 müəllim, 2018 həkim işdən xaric edilib. Din İşləri Nazirliyindən 1519, Jandarma Qüvvələrindən 323 şəxs də FETÖ ilə əlaqələrinə görə, işdən çıxarılıb.

 

Eyni zamanda Fövqəladə Hallar İdarəsindən 62, Dil Tarix Qurumundan 5, BDDK-dan 116, Mətbuat və İnformasiya İdarəsindən 11, Türkiyə Böyük Millət Məclisindən 41, Ali Məhkəmənin hər iki qurumundan 167, Baş nazirin aparatından 302 şəxs işdən xaric edilib. Parlament və hökumət aparatından işdən çıxarılanların bundan sonra məmur kimi çalışmasına qadağa qoyulub.

 

Digər qanun hökmündə qərarnaməyə əsasən 24 sərəncamda olan vali vəzifəsindən qovulub. FETÖ ilə mübarizə çərçivəsində təmizlik prosesi TRT-dən də yan keçməyib. Bu kanalda çalışan 312 nəfər işdən çıxarılıb. Ali Təhsil Şurasından çıxarılanların sayı 2346 nəfərdir. Bundan başqa xaricdə təhsil alan 158 tələbənin təhsili dayandırılıb.

 

Fəthullahçı terror təşkilatı ilə əlaqəsi olan və bu səbəbdən işdən çıxarılan şəxslərin həyat yoldaşlarının xarici pasportları ləğv edilib. 15 iyuldan əvvəl tutduğu vəzifədən öz istəyi ilə azad edilən hakim və prokurorlara isə yenidən işə geri qayıtmaq şansı yaradılıb. Bu kateqoriyadan olan sabiq hakim və prokurorlar iki ay ərzindən müraciət edəcəkləri halda vəzifələrinə bərpa olunacaqlar.

 

Qərarnaməyə əsasən, dövlətin qəyyum təyin etdiyi FETÖ ilə əlaqəli şirkətlərin bütün mülkiyyəti dövlətin balansına keçirilib.  

Müəllif | Apa.Tv
Apa.tv