Xaçmazda bir kənd su altında - SEL FƏLAKƏTİ
Ötən gün axşam saatlarında şimal bölgəsində yağan yağış nəticəsində çaylarda suyun səviyyəsi artıb.
APA TV-nın şimal bürosunun məlumatına görə, Qudyalçayda suyun səviyyəsinin artması nəticəsində rayonunun Qarğalıq kəndini su basıb.
Qarabağlı kəndində də yaşayış evlərinə su dolub. Kənd sakini Ədalət Qasımov 5-6 il əvvəl belə hadisə ilə üzləşdiklərini bildirib: "Bu gün saat 8-9 radələrində sel gəldi. Toyuq-cücəmiz gedib, alt evlər suyun içindədir. Taya suyun içindədir, mal-qara yoxdur".
Kənd sakini Akif Cəfərov təbii fəlakətdən ciddi ziyan çəkib: "Gördüyünüz kimi, hər bir şey suyun altında qalıb. Tərəvəzimiz də, otum da, tayam da. Mən gözümü bu tərəvəzə dikmişdim, kəndçi adamam, kasıb adamam. Bir neçə il bundan qabaq evim uçmuşdu, sağ olsunlar, mənim üçün ev tikdilər. Yenə həmin evi su basıb. Xahiş edirəm mənə kömək eləsinlər".
Əraziyə rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri gəlib. Dəyən ziyanın aradan qaldırılması və araşdırılması üçün işlər aparılır. Xaçmaz rayon FHK-nın sədri Yetkin Mehmanovun sözlərinə görə, Qudyalçayın daşması nəticəsində Xaspoladoba kəndinə gedən avtomobil körpüsü və Köhnə Xaçmaz kəndinə gedən piyada körpüsünə ziyan dəyib: "Dəyən ziyan araşdırılır. Qaraçayda suyun səviyyəsi artması nəticəsində əsasən Qarğalıq kəndinə ziyan dəyib. Kəndin 12 evini basıb. İnsanlar evlərdən çıxarılıb".
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları rayonun Niyazoba kəndinə yağan leysan yağışları nəticəsində evdə köməksiz vəziyyətdə qalan 3 nəfəri də xilas edib. Vətəndaşların təhlükəsiz əraziyə çıxarılması təmin olunub.