Cənub bölgəsində leysan - YAĞINTI DAYANMIR
Sentyabrın 1-də axşam saatlarından başlayaraq cənub bölgəsinin rayonlarına küləklə müşahidə olunan leysan xarakterli yağıntı düşüb.
APA TV-nin cənub bürosunun məlumatına görə, yağıntı ciddi fəsadlar törətməsə də, problemsiz ötüşməyib.
İldırım çaxması ayrı-ayrı yaşayış məntəqələrinə elektrik enerjisinin fasilələrlə verilməsinə səbəb olub. Bölgənin çaylarında da sululuğun səviyyəsi 70 santimetrə kimi artıb. Şose yollarda xırda gölməçələr əmələ gəlib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Lənkəran Regional Hidrometeoroloji Müəssisəsinin direktoru Cavid Hüseynovun APA TV-yə verdiyi məlumata görə, yağış daha çox Astara və Lənkəran rayonları ərazisinə yağıb. Temperatur 4-7 dərəcə enib.
Cavid Hüseynovun sözlərinə görə, bölgədə ən çox yağıntı Lənkəran rayonunun Daşdatük kəndi ərazisində müşahidə olunub. Burada yağıntının miqdarı 108,6 mm təşkil edib.
Hazırda bölgədə intensiv olmasa da, yağıntılı hava şəraiti hökm sürür. Qeyri-sabit hava şəraiti sentyabr ayının 3-dək davam edəcək.