FHN Qəbələdə 53 nəfəri seldən xilas etdi
Qəbələ rayonuna yağan güclü yağış bir sıra fəsadlar törədib. APA TV-nin yerli bürosunun xəbərinə görə, sel suları nəticəsində rayon ərazisindən keçən Dəmiraparan çayının səviyyəsi bir neçə metr artıb.
Yerli sakinlərin sözlərinə görə, sel suları şəhərin mərkəzi küçələrini keçilməz edib. Dağlardan gələn lil qatı Laza kəndi ilə rayon mərkəzinin əlaqəsini kəsib.
Qəbələ sakinlərinin dediyinə görə, Laza kəndində köməksiz vəziyyətdə qalan 53 nəfər Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən xilas edilib. Şəhər ərazisində, çay ətrafında olan fərdi həyətlərə su dolub. Sel sularından bir neçə kənd də ziyan çəkib.
Laza kəndi ilə rayon mərkəzini birləşdirən yolun lil qatından təmizlənərək, əlaqəni bərpa etmək üçün hazırda işlər görülür. Hələlik rayonda yağış ara versə də, Dəmiraparan çayının suyu azalmayıb.