Lənkəranda qadına qarşı quldurluq edən şəxs tutuldu
Lənkəranda yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını quldurluq yolu ilə talamış şəxs saxlanılıb.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, rayonun Veravul kənd sakini, 28 yaşlı Cəmil Azad oğlu Mirzəyev özgənin əmlakını ələ keçirmək məqsədilə gecə saatlarında üzünü maska ilə gizlədərək həmkəndlisi Dilarə Bayram qızı Mirzəyevanın yaşadığı evin ikinci mərtəbəsinə çıxıb.
O, ev sahibəsinin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə ona basqın edib, qollarını bağlayıb, öldürəcəyi ilə hədələyib. Lənkəran ŞRPŞ-nin baş müstəntiqi Nizami Məhərrəmovun sözlərinə görə, Cəmil Mirzəyev Dilarə Mirzəyevaya əli ilə zərbə vuraraq, ondan qızıllarının yerini deməsini tələb edib. Evdə qızıl tapa bilməyən Cəmil Mirzəyev çarpayının altında olan 2 min manat pulu ələ keçirərək aradan çıxıb.
Lakin hadisəni törədən şəxs uzağa gedə bilməyib. Lənkəran Şəhər-Rayon Polis Şöbəsi (ŞRPŞ) əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cəmil Mirzəyev şübhəli şəxs qismində yaxalanaraq istintaq orqanlarına təhvil verilib.
Lənkəran Rayon Məhkəməsinin qərarı ilə Cəmil Mirzəyev barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Faktla bağlı Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin 177.2.3, 181.2.1, 181.2.2 və 181.2.3 maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.