2 kq marixuananı düyü kisələrinin içində gizlətdi
Lənkəran rayon sakini qanunsuz olaraq narkotik tərkibli çətənə bitkisini əkib yetişdirdiyi üçün saxlanılıb.
APA TV-nin Cənub bürosunun məlumatına görə, rayonun Girdəni kənd sakini, 26 yaşlı Ehtiram Ehtiman oğlu Nəcəfov yaşadığı evin həyətyanı torpaq sahəsində qarğıdalı kollarının arasında bir ədəd narkotik tərkibli çətənə bitkisini qanunsuz əkərək, kultivasiya yolu ilə becərib.
Daha sonra Ehtiram Nəcəfov satış məqsədilə çətənə kolunu toplayaraq qurudub. O, ümumi çəkisi 1960 qram olan qurudulmuş marixuananı düyü kisələrinin içərisində gizlədib.
Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ehtiram Nəcəfovun evinə baxış keçirilərkən onun qurudub saxladığı marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.
Lənkəran ŞRPŞ-nin baş müstəntiqi Nizami Məhərrəmovun sözlərinə görə, Ehtiram Nəcəfov barəsində Lənkəran Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Faktla bağlı Lənkəran ŞRPŞ-də ilə cinayət işi açılıb, araşdırma davam etdirilir.