Şəmkirdə evdən 15 min manatlıq qızıl oğurlandı
Şəmkir rayonunun Təzəkənd kənd sakini Taleh Yusibova məxsus fərdi yaşayış evində oğurluq hadisəsi baş verib.
APA TV-nin qərb bürosunun məlumatına görə, saat 19:00 radələrində mənzil sahiblərinin evdə olmamasından istifadə edən şəxs və ya şəxslər həyətdəki pəncərədən içəri daxil olublar.
Zərərçəkən Ramiz Yusibovun sözlərinə görə, mənzili axtardıqdan sonra ev sahibinə məxsus ümumi dəyəri 15 min manat olan qızıl-zinət əşyaları və 700 manat nəğd pul aparılıb: “İçəri daxil olanda isə görüblər ki ev qarət olunub. Pəncərədə ki tülü qoparıb içəri keçiblər. Qızılları pulların hamısını götürüblər”.
Təxminən iki saat sonra evə gələn zərərçəkənlər qarşılaşdıqları mənzərədən şoka düşüblər. Hüquq-mühafizə orqanlarına edilən zənglərdən sonra Şəmkir Rayon Polis Şöbəsinin Kür bölməsinin əməkdaşları hadisə yerinə gəliblər. Şəmkir Rayon Polis Şöbəsindən Taleh Yusibova məxsus mənzildən oğurluq faktının qeydə alındığını təsdiqləyiblər. Şöbədən bildirilib ki, zərərçəkənlərin müraciəti əsasında intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir.