Avtoservis, yoxsa emalatxana: hansı daha sərfəlidir? - REPORTAJ
Paytaxtın müxtəlif avtomobil təmiri sexlərində yaşanan bədbəxt hadisələr fərdi qaydada fəaliyyət göstərən emalatxanalarda təhlükəsizlik məsələlərini aktuallaşdırır. Müşahidələr onu göstərir ki, bu emalatxanalarda vəziyyət heç də ürəkaçan deyil. Avadanlıqların istismara yararlılığı, onlardan istifadə qaydaları, eləcə də ümumi təhlükəsizlik səviyyəsi aşağıdır. Elə çəkiliş apardığımız məkanlarda da bunun əyani şahidi olduq.
Ömrünün 14 ilini sevdiyi peşəyə bağlayan avtomobil ustası Vidadi deyir ki, təhlükəsizlik qaydalarına aşağı səviyyədə əməl edilməsinin əsas səbəbi bu sahədə çalışanların bəzən işinə məsuliyyətsiz yanaşmasının nəticəsidir. Əgər usta öz işinin peşəkarıdırsa, təmir zamanı baş verə biləcək təhlükələrin qarşısı əvvəlcədən alınır. Yox əgər işinə başdansovdu yanaşırsa, onda iş qəzalarının baş verməsi halları qaçılmaz olur: "Heç kim istəməz ki, gördüyü iş zamanı qəza yaşansın. Ona görə də çalışırıq ki, hazırlıqlı olaq. Bir də bilirsiz, biz artıq öyrəşmişik belə işləməyə. Məsələn, təmirdən əvvəl texniki qoruyuculardan istifadə olunur. Maşının alt hissəsi təmirə qaldırılarkən xüsusi qoruyucu vasitələrdən istifadə edirik. Mən gördüyüm işə zamin dururam. Bu inamın nəticəsidir ki, elə müştərilərimiz var, 10-12 ildir bizimlə işləyir. Əgər razı olmasalar, mənimlə işləməzlər".
Vidadi usta deyir ki, işlədiyi illər ərzində nə özü, nə də müştərisi onun gördüyü işdən narazı qalmayıb. O ki qaldı çalışdığı fərdi emalatxanalarda təhlükəsizlik səviyyəsinin aşağı olmasına, texniki standartlara cavab verməməsinə, antisanitariyanın hökm sürməsinə, bu da bilavasitə fərdi avtotəmir sexlərində xidmətin müasir avtoservislərdən aşağı qiymətə olması ilə bağlıdır.
Maraqlıdır, görəsən, müştərilər hansı servisdən yaralanmağa üstünlük verirlər?
Ramin Həsənov 6 ildir avtomobilini bəzən ayda bir dəfə, bəzən də 3 aydan bir avtoservisə gətirir. Deyir ki, bu illər ərzində bir dəfə də olsun, təmirlə bağlı fərdi avtoservislərə müraciət etməyib: "Çünki müasir avtoservislərdə həm keyfiyyətli ehtiyat hissələri olur, həm də yüksək servis, qulluq göstərilir. Avtomobilimə zəmanət verildiyindən, daha çox rəsmi distributorlara müraciət edirəm. Bir də burda əsas məsələ göstərilən xidmətin keyfiyyəti məsələsidir. Burda da sərfəli qiymət, müştəriyə münasibət ürəyimizcə olduğundan, fərdi emalatxanalara deyil, müasir servislərə müraciət edirik".
Nicat Hüseynov avtoservisdə menecer işləyir. Onun sözlərinə görə, pərakəndə sexlərdə çalışanların əksər hallarda sertifikatları olmur, onların gördükləri iş və istifadə etdikləri avadanlıqlar keyfiyyətsizdir, təhlükəsizlik qaydaları gözlənilmir. Bundan başqa, xidmətin keyfiyyəti aşağı olduğuna görə avtomobildə yenidən problemlər yaranır və müştərilər təkrar təmirə gəlməklə xərcə düşürlər. İkincisi, xidmətə rəsmi formada zəmanət verilmədiyinə görə belə xidmətlər zamanı istehlakçıların hüquqları pozulur: "Bu gün müasir servislərin fərqi əsasən yüksək xidmət və istifadə olunan ehtiyat hissələrinin keyfiyyəti ilə bağlıdır. Belə ki, rəsmi servislərdə yalnız mütəxəssislər çalışırlar, bütün avadanlıqlar da yüksək standartlara cavab verir. Təhlükəsizlik məsələsinə gəlincə, bizdə müştəri avtomobilini bizə təhvil verdikdən sonra onu təmir sexindən uzaqlaşdırırıq. Çünki təmir zamanı müştəri ustaya verdiyi suallarla onun fikrini yayındırır. Bu da bilavasitə sonda narazılıqla qarşılanır".
Nicat Hüseynovun sözlərinə görə, ehtiyat hissələri bazarındakı məhsulların 70-80 faizi orijinal olmur. Avtoservislər göstərdikləri xidmətin və təmir işlərinin keyfiyyətinə məsuliyyət daşıyırlar və hansısa problem yarananda həmin nasazlığı pulsuz aradan qaldırmalıdırlar: "Təmir üçün istifadə etdiyimiz ehtiyat hissələri də daxil olmaqla bütün avadanlıqlar orijinaldır. Avtomobillərin alt hissəsinin təmiri zamanı onun qaldırılmasında istifadə olunan liftlər və rezinlər belə yeni olmalıdır ki, təmir zamanı qəza baş verməsin. Yəni liftlərin özü belə hər hansı problem yaransa, maşınların yerə düşməsinə imkan vermir. Avadanlıq kilidə düşür və sonradan təmir üçün qaldırılmış avtomobillər mütəxəssislər vasitəsilə oradan çıxarılır. Yəni həm ustalarımız, həm də xidmət göstərilən avtomobil sığortalanmış olur".
Gənc və təcrübəli maşın ustası Muradla da söhbətləşdik. Deyir ki, usta olmaq həvəsi onda lap uşaqlıqdan yaranıb. Ona görə də peşəkar mütəxəssislərdən dərs alıb. Altı ildir avtoservisdə çalışdığını deyən müsahibimizin sözlərinə görə, onun üçün əsas olan gördüyü işin keyfiyyəti və müştəri məmnunluğudur: "Maşını təmirə götürdüksə, ona birbaşa cavabdehik. Müştərinin təmirdə iştirakına ehtiyac yoxdur, hətta sizin işin gedişində müsahibə almağınız təhlükəlidir. Təhlükəsizlik baxımından belədir. Bir də hər ayın axı burdakı texniki avadanlıqların bütün detalları yoxlanılır. Ondan sonra rahat işləyirik. Əsas müştərilərin təhlükəsizliyidir ki, təmirə müdaxilə etməsinlər, bunu da onlara izah edirik".
"Qəzadan sonra bir çox sürücü ucuz başa gəlməsi üçün avtomobilini harada gəldi təmir etdirir" deyən Murad qeyd edib ki, bu zaman avtomobilin texniki göstəriciləri əvvəlki vəziyyətə gətirilmədiyindən, yenidən qəza riski artır. Beynəlxalq təcrübədə isə qəzaya uğramış avtomobil zəmanətli təmir müəssisəsində təmir edildikdən sonra bütün işlək hissələrinin standarta uyqun olması barədə sənəd alınır.