Biləsuvar sakininin qoyunları oğurlandı
Biləsuvarda oğurluq hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Biləsuvar şəhərinin Süleyman Rəhimov küçəsində yaşayan Sərvər Sucayevə məxsus fərdi təsərrüfatda qeydə alınıb.
Naməlum şəxs və ya şəxslər qapı bağlı olduğu üçün hasarın üzərindən həyətə daxil olublar. Tövləyə gedən yeganə qapını arxa tərəfdən açmaqla oradan 9 baş qoyun oğurlanıb. Təsərrüfat sahibi isə hadisədən yalnız səhər saatlarında xəbər tutub.
Sərvər Sucayevin sözlərinə görə, ümumilikdə ona 1500 manata yaxın maddi ziyan dəyib. Hadisənin yenidən təkrarlana biləcəyindən ehtiyat edən təsərrüfat sahibi dərhal qoyunlarının əksər hissəsini satmağa məcbur olub.
Artıq oğurluq faktı ilə bağlı Biləsuvar Rayon Polis Şöbəsinə də məlumat verilib. Cinayəti törədənlərin tapılaraq məsuliyyətə cəlb olunması istiqamətində müvafiq tədbirlər görülür.