FHN Xınalıqda dağda köməksiz qalmış rusiyalı turisti xilas etdi

Quba rayonunun Xınalıq kəndi ərazisində dağlıq ərazidə köməksiz qalmış rusiyalı turist qadın xilas edilib.

 

APA TV-nin şimal bürosunun məlumatına görə, 1978-ci il təvəllüdlü Rusiya vətəndaşı Svetlana Yevgenyevna Kuliniç Azərbaycan Fövqəladə Hallar Nazirliyinin helikopteri ilə ərazidən götürülüb.

 

Sentyabrın 1-də Xınalığa gələn xanım turist əraziyə yağan güclü leysan yağışlarından sonra həmin yeri tərk edə bilməyib: "Azərbaycana avqustun 30-da gəlmişdim. Xınalığa isə sentyabrın 1-də gəldim. Bir gün qalmağı planlaşdırırdım. Gecə dəhşətli yağış yağdı. Səhər məlum oldu ki, körpü dağılıb, qayıtmaq mümkün deyil. Düzünü desəm, bir turistə bu qədər diqqət ayrılacağını gözləmirdim. Hələ də inana bilmirəm".

 

Xınalıq kənd sakini Rəhman Sərkərov isə güclü seldən sonra onun evində qalan turistin Qubaya yola salınmasının mümkünsüz olduğunu deyib: "Səhər durduq gördük ki, sel bütün yolları dağıdıb. Svetlana xanım Bakıya gələ bilmədi. Biz yola çıxdıq, gördük heç cür mümkün deyil. Quba informasiya-turizm şöbəsinə məlumat verdim. Daha sonra FHN-in 112 xidmətinə zəng vurdum. Ordan bildirdilər ki, səhər helikopter gələcək".

 

Xilasetmə əməliyyatından sonra xanım turist Bakıya yola salınıb.

Müəllif | Apa.Tv
Apa.tv