"Metropark"da BOMBA HƏYƏCANI
Ötən axşam Bakıda bomba həyəcanı yaşanıb. APA TV-nin xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu ərazisində yerləşən “Metropark” ticarət və əyləncə kompleksinə partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Əraziyə polis qüvvələri və təcili tibbi yardım briqadaları cəlb edilib. “Azəriqaz” İstehsalat Birliyinin mütəxəssisləri binaya qaz verilməsini dayandırıblar. Binadakı müştərilər və mərkəzdə çalışanlar təxliyə ediliblər.
Bundan sonra istehkamçılar binada axtarışlara başlayıblar. Axtarışa xüsusi öyrədilmiş itlər də cəlb edilib.
Əməliyyat 1 saatdan çox davam etdi. Açıqlandı ki, məlumat yanlış olub və binada təhlükəli əşya aşkarlanmayıb. Artıq yalan məlumatı verənin axtarışları başlayıb. Polis əməkdaşlarının sözlərinə görə, zəngin “Metropark” yaxınlığındakı taksofonlardan birindən edildiyi ehtimal olunur.
Qeyd edək ki, bir gün əvvəl Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasına partlayıcı qurğu yerləşdirilməsi barədə yalan məlumat verilmişdi. Həmin zəngi edən şəxs artıq tapılıb.