MSK katibi: "Referendumla bağlı növbəti mərhələyə qədəm qoyuruq"

"Referendum təyin edilən bu günədək Seçki Məcəlləsinin tələb etdiyi formada Mərkəzi Seçki Komissiyası prosesləri aparıb. Bu gündən növbəti mərhələyə qədəm qoyuruq". APA TV-nin xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov referendumqabağı təşviqat mərhələsinin başlanması ilə əlaqədar açıqlamasında bildirib.

 

"MSK-dan qeydiyyatdan keçmiş üç təşviqat qrupu - YAP-ın yaratdığı "Yeni Azərbaycan”, bir qrup QHT-lərin yaratdığı "Vətəndaş Cəmiyyəti” və bələdiyyələrin yaratdığı "Bələdiyyə” təşviqat qruplarına hüquq verilir ki, bu gündən etibarən Seçki Məcəlləsinin onlara verdiyi imkanlar çərçivəsində referendum təbliğatlarını aparmağa başlasınlar. Onlar həm KİV-də, həm də geniş seçici kütlələri ilə görüşmək üçün Azərbaycanın 118 seçki məntəqəsində qapalı və açıq yerlərdə referendumla bağlı mövqelərini bölüşə bilərlər" - deyə MSK katibi qeyd edib.

 

"Təşviqat qruplarının səlahiyyətli nümayəndələri ilə əlaqə saxlayıb bu müddətdə hansı işləri görəcəkləri, nə kimi planlarının olduğu ilə maraqlandıq" deyən Mikayıl Rəhimovun sözlərinə görə, bu qruplar təşviqat kampaniyası çərçivəsində vətəndaşlarla görüşüb onlara təklif edilən dəyişikliklərin əhəmiyyətindən danışacaq, referendumda aktiv iştirak etmələrinə çalışacaqlar.

Müəllif | Apa.Tv
Apa.tv