Prezident İlham Əliyev Masallıda bir sıra obyektlərin açılışında iştirak edib

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Masallı rayonuna səfər edib.

 

APA TV-nin xəbərinə görə, dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin Masallı şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

 

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov abidənin ətrafında, ümumiyyətlə, son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə prezident İlham Əliyevə məlumat verib.

 

Daha sonra dövlət başçısı Masallıda Bayraq Meydanının və Azərbaycanın Dövlət Rəmzləri Muzeyinin açılışını edib. Prezident İlham Əliyevə məlumat verildi ki, Bayraq Meydanının və Dövlət Rəmzləri Muzeyinin inşasına 2014-cü ildə başlanıb və tikinti işləri yüksək səviyyədə başa çatdırılıb. Bayraq Meydanının ümumi sahəsi 1,3 hektardır. Meydanda hündürlüyü 62 metr olan bayraq dirəyi ucaldılıb, tikintialtı sahəsi 78 kvadratmetr olan fəvvarə inşa olunub. Ərazidə geniş abadlıq işləri görülüb, 4310 kvadratmetr yaşıllıq zolağı salınıb, müasir suvarma və işıqlandırma sistemləri yaradılıb.

 

Prezident Azərbaycanın Dövlət Rəmzləri Muzeyinin rəmzi açılışını bildirən lenti kəsib və ekspozisiya ilə tanış olub.

 

Prezident İlham Əliyev sentyabrın 3-də Masallıya səfəri çərçivəsində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN həyat” kompleksinin açılışında iştirak edib. Dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.

 

Məlumat verilib ki, şəhərin Heydər Əliyev prospektində yerləşən, möhtəşəmliyi ilə seçilən Masallı regional “ASAN həyat” şəhərciyinin tikintisi yüksək səviyyədə həyata keçirilib. Bu kompleks 4 mərtəbəli inzibati binadan və 6 ictimai iaşə obyektləri üçün nəzərdə tutulan binalardan ibarətdir. Kompleksin 4480 kvadratmetr ərazisində “ASAN Xidmət” mərkəzi fəaliyyət göstərir. Mərkəzdə 10 dövlət orqanı tərəfindən 32 növ xidmət göstərilir. Eyni zamanda mərkəzdə 112 növ funksional yardımçı xidmətlər - bank, sığorta, hüquqi yardım, tərcümə xidmətləri təşkil edilib. Bu mərkəz Masallı rayonu da daxil olmaqla Cəlilabad, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının əhalisinə, ümumilikdə 839 450-dən çox vətəndaşa xidmət göstərəcək. Burada 170 nəfər işlə təmin olunub, 80 nəfər könüllü işə cəlb edilib.

 

Prezident İlham Əliyevə “ASAN həyat” konsepsiyası barədə də məlumat verildi. Bildirilib ki, bu konsepsiya Masallı “ASAN xidmət” Mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərinin istifadəyə verilməsini də nəzərdə tutur. Kompleksin ərazisində 2 kinoklub, Heydər Əliyev İncəsənət Məktəbi, kafe, bank, “ABAD mərkəzi”, “ASAN Brend” dükanı və “ASAN İntellektual” gənclər mərkəzi də fəaliyyət göstərəcək.

 

Onu da qeyd edək ki, Masallı regional “ASAN xidmət” Mərkəzinin yerləşdiyi ərazidə park salınıb. Burada fəvvarə quraşdırılıb, əhalinin rahatlığı və istirahəti üçün hər cür şərait yaradılıb. Bundan əlavə, 80 avtomobil üçün avtodayanacaq və digər rayonlardan gələcək vətəndaşlar üçün avtobus dayanacağı, kompleksin kənarından keçən çaydakı kiçik adada helikopter meydançası qurulub. Masallı “ASAN həyat” kompleksində “Azər Türk Bank” ASC əhaliyə bank xidmətləri göstərəcək.

 

“ASAN həyat” kompleksi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev mərkəzin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlət başçısı mərasimdə çıxış edib.

 

Sentyabrın 3-də Masallıda 640 yerlik uşaq-incəsənət məktəbi istifadəyə verilib. Azərbaycan prezidenti İlham Əliyev məktəbin rəmzi açılışını bildirən lenti kəsib.

 

Dövlət başçısı Masallı Tarix-Diyarşünaslıq Muzeyinin də açılışında iştirak edib. Azərbaycan prezidenti rəmzi açılışı bildirən lenti kəsib və muzeylə tanış olub.

 

Müəllif | Apa.Tv
Apa.tv