Türkiyə sərhədlərində son yaşayış məntəqələri İŞİD-dən azad edildi

Türkiyə ordusunun Suriyada həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı çərçivəsində Türkiyə sərhədlərində İŞİD terror təşkilatının nəzarətinə tamamilə son qoyulub.

 

APA TV-nin "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyə ordusunun dəstəyi ilə müxalif Azad Suriya Ordusu Türkiyə-Suriya sərhədində, Cerablus-Çobanbəy xəttində son yaşayış məntəqələrini də azad edib.

 

Bununla da İŞİD terror təşkilatının Türkiyə sərhədləri ilə təması kəsilib.

 

Qeyd edək ki, Türkiyə ordusu “Fərat qalxanı” əməliyyatını avqustun 24-də başlayıb, Cerablus bölgəsinə Türkiyə ordusunun tank birlikləri daxil olub. Həmin gün Türkiyə ordusunun dəstəyi ilə Cerablus şəhəri İŞİD terror təşkilatından azad edilib. Sentyabrın 3-də isə, Çobanbəy qəsəbəsi istiqamətində Türkiyə ordusunun tankları Suriyaya daxil olub, “Fərat qalxanı” əməliyyatının ikinci mərhələsi başlayıb. Məqsəd Cerablus və Çobanbəy istiqamətində İŞİD-i sıxışdıraraq Türkiyə sərhədlərində İŞİD terror təşkilatının nəzarətindəki son yaşayış məntəqələrini azad etmək olub.

 

Müəllif | Apa.Tv