Ərdoğan Obama ilə görüşdü - GÜLƏN QAYTARILACAQMI?

“Türkiyə və ABŞ arasında model ortaqlıq mövcuddur, iki ölkə arasında münasibətlər xüsusidir”. APA TV-nin Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Barak Obama ilə keçirilən və 45 dəqiqə davam edən geniş tərkibli görüşdən sonra bildirib.

 

Türkiyə prezidenti vurğulayıb ki, bütün terror təşkilatlarına qarşı eyni mövqe ortaya qoymalıyıq, yaxşı və pis terrorçu yoxdur.
 

"Türkiyədə terror və hərbi çevriliş cəhdinin arxa-arxaya gəlməsi diqqət çəkir. Türkiyə Suriyada və İraqda terrora qarşı mübarizə aparır. Təmənnamız odur ki, Türkiyənin cənubunda, Suriyanın şimalında bir terror koridoru yaranmasın. Koalisiya ortaqlarımızla bu sahədə mübarizə aparırıq və bu  mübarizədən qalib çıxacağımıza inanıram”-deyə Ərdoğan bildirib.

 

Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin  ABŞ-dan Türkiyəyə ekstradisiyası məsələsinə toxunan R. T. Ərdoğan qeyd edib ki, 15 iyul hərbi çevrilişindən sonra hazırlanan sənəd də ABŞ-a göndəriləcək.

 

B. Obama isə Türkiyənin suriyalı  miqrantları qəbul etdiyi üçün təşəkkür edib və bu istiqamətdə Türkiyəyə dəstək verilməsinin zəruri olduğunu bildirib:
 

“Dostluğumuzun, ittifaqımızın davam etməsini arzu edirəm” deyə Obama vurğulayıb.

 

Müəllif | Apa.Tv
Apa.tv