Putin açıqlama verdi, neft bahalaşmağa başladı

Dünya bazarında neftin qiyməti yenidən bahalaşıb. APA TV-nin məlumatına görə, həftənin ilk hərraclarında “Brent” markalı neftin bir barelinin maksimum qiyməti 46,94 dollar olub. Səhər seanslarında isə qiymət 46,73 dollara kimi geriləyib.

 

Qərbi Texas nefti də həftəyə yüksək qiymətlərlə başlayıb. İlk hərraclarda bir bareli 44,56 dollardan satılan WTİ nefti sonrakı seanslarda 44,28 dollardan təklif olunub. Ümumilikdə neftin qiymətində artım tendensiyası hiss olunur.

 

İki günlük ucuzlaşmadan sonra qiymətlərin yenidən bahalaşmasına Rusiya prezidenti Vladimir Putinin verdiyi bəyanatlar səbəb olub. Prezident bildirib ki, aparıcı neft ölkələrinin hasilatı konkret səviyyədə dondurması ən düzgün qərar ola bilər və Rusiya bu qərarları qeyd-şərtsiz dəstəkləyir. Prezidentin bu açıqlaması Səudiyyə Ərəbistanının xarici işlər nazirinin bəyanatından sonraya təsadüf edib. Səudiyyəli nazir bildirib ki, bu ay OPEK üzvü olan və olmayan ölkələr arasında hasilatı dondurmaqla bağlı saziş imzalanacaq. Ard-arda verilən bu bəyanatlar neftin ucuzlaşmasını dayandırıb və bazar təklifin azalacağı ehtimalına reaksiya verib. Bu səbəblərdən treyderlər neftin qiymətlərinin həftə ərzində bahalaşacağını gözləyirlər. 

Müəllif | Apa.Tv
Apa.tv