Qəbələdə selin fəsadları aradan qaldırıldı

Qəbələyə yağan güclü yağışdan sonra əmələ gələn sel sularının törətdiyi fəsadlar aradan qaldırılıb, Laza kəndinin yolu açılıb, əhali elektrik enerjisi ilə təmin edilib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, dağlardan gələn sel suları rayon ərazisindən keçən Dəmiraparan çayında suyun səviyyəsinin xeyli yüksəlməsinə səbəb olub.

 

Çay kənarında yerləşən Laza kəndini sel basıb, evlərin zirzəmilərinə su dolub, həyətyanı sahələri qalın lil qatı örtüb, küçələrdə keçilməz su gölməçələri və lil qatı əmələ gəlib. Laza kəndi ilə rayon mərkəzinin əlaqəsi kəsilib. Laza kəndində köməksiz vəziyyətdə qalan 53 nəfər Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən xilas edilib.

 

Laza-Küsnət-Qəbələ avtomobil yolunun bir hissəsi yararsız hala düşdüyündən əraziyə dərhal “Azəravtoyol” ASC-nin ağır texnikası və canlı qüvvəsi cəlb olunub. Laza kəndi ilə rayon mərkəzini birləşdirən avtomobil yolu lil qatından təmizlənərək nəqliyyatın hərəkəti bərpa olunub.

 

Sel sularının Qəbələ şəhərinin Sahil küçəsində yaratdığı çətinliklər də aradan qaldırılıb, lildən təmizləmə işləri görülüb. Yolun asfalt örtüyü və çiyinlər su maşınları vasitəsi ilə yuyulub. Sel suları Qəbələ şəhərinin içməli su və kanalizasiya borularının bir hissəsini sıradan çıxarıb. Mütəxəssislər sözü gedən boruların bərpa edilməsi üçün əraziyə baxış keçiriblər. Sel suları çay ətrafındakı bir neçə dəmir və beton elektrik  dirəklərini aşırıb, naqillər qırıldığı üçün Laza kəndinə elektrik enerjisinin verilişi dayanıb. “Azərişiq” ASC-nin əməkdaşları kəndə elektrik enerjisinin verilişini bərpa ediblər.

 

Qeyd edək ki, daşqınlara səbəb olaraq fəsadlar törədən Dəmiraparan çayının suyu azalaraq əvvəlki vəziyyətə düşüb.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov