İsmayıllıda at əti satan şəxs iş başında tutuldu - İKİNCİ DƏFƏ
İsmayıllıda qanunsuz olaraq at əti satan şəxs saxlanılıb.
İsmayıllı rayonunda atların qanunsuz olaraq kəsilməsi və ətinin satılması ilə məşğul olan şəxs tutulub.
APA TV-nin yerli bürosunun xəbərinə görə, İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən anonim məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu ilin may ayından sentyabr ayınadək 3 dəfə qanunsuz at ətinin satışı ilə məşğul olan şəxs tutulub.
İsmayıllı şəhərinin Cavanşir küçəsində yaşayan 1978-ci il təvəllüdlü Vüqar Təşkilat oğlu Ziriyev gizli şəkildə rayonun Qarabaş qəsəbəsində yerləşən fermada 3 baş atı kəsərkən tutulub. Vüqar Ziriyevdən 300 kiloqram at əti müsadirə olunub və İsmayıllı rayon Baytarlıq İdarəsinin əməkdaşlarına təhvil verilib. At əti müayinə olunmaq üçün Respublika Dövlət Baytarlıq Laboratoriyasına göndərilib. Laborator müayinələrdə at ətinin heyvan qidası üçün yararlı olub-olmadığı yoxlanılacaq və lazım gələrsə, ət Bakı Heyvanat Parkına göndəriləcək.
Qeyd edək ki, Vüqar Ziriyev bu ilin mayında İsmayıllının Mican kəndi ərazisində 10 baş atı kəsərək 800 kiloqram əti satmaq üçün Bakı şəhərinə apararkən tutulmuşdu.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.