Danışmayan, eşitməyən 11 yaşlı rəssamın rənglər dünyası - REPORTAJ

11 yaşlı Sinan Məmmədli Cəlilabaddandır. 7 saylı şəhər orta məktəbinin 6-cı sinif şagirdidir.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, Sinan anadangəlmə lal-kar doğulsa da, fəal həyat mövqeyi ilə hamını heyrətləndirməyi bacarır. Həmyaşıdlarından bir sıra xüsusiyyətləri ilə fərqlənən Sinan Məmmədli həm də yaxşı rəsmlər çəkir. Onun əl işlərinə baxdıqca, bu rəsmləri 11 yaşlı uşağın çəkdiyinə inanmaqda çətinlik çəkirsən.

 

Hər rəsm əsəri tamaşaçıya təlqin etdiyi fikir, ifadə aydınlığı ilə diqqəti cəlb edir. Sinanda kompozisiya qurmaq, boyalardan, rəng çalarlarından düzgün istifadə etmək bacarığı güclüdür və o, rənglərin seçimində çox dəqiqdir.

 

Anası Leyla Məmmədovanın sözlərinə görə, Sinan 9 yaşından rənglərə meyl salıb. Əsasən pastel boya sistemi ilə çəkməyə üstünlük verir. İlk personajları isə televiziya ekranlarından tamaşa etdiyi cizgi filmlərinin qəhrəmanları olub. Elə ki, hər hansı filmə baxıb qurtarandan sonra dərhal masanın arxasına keçib qəhrəmanların döyüş səhnələrini, onların şər qüvvələrlə mübarizələrini kağız üzərinə köçürür.

 

Rəssamlığa güclü maraq göstərdiyini görən valideynləri Sinanı Cəlilabad İcma Əsaslı Reabilitasiya Mərkəzinin nəzdində yaradılmış “Bacarıqlı əllər” dərnəyinə üzv yazdırıblar. Dərnəyin məşğələlərində müntəzəm iştirak edən bu oğlan gündən-günə daha da püxtələşməklə öz fitri istedadı, ağlı, zəkası ilə həmyaşıdlarının görüb duymadığı təbiət lövhələrini yüksək şövqlə kağızın üzərinə köçürməyi bacarır. Sinanın rəsmlərinin hər biri həyatın bir parçasıdır. Onun Vətənə olan sevgisi rəsm əsərlərindən açıq-aydın görünür.

 

Anası Leyla Məmmədovanın sözlərinə görə, Cəlilabad Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşəbbüsü ilə rayondakı Dövlət Rəsm Qalereyasında Sinanın əl işlərindən ibarət fərdi sərgisi keçirilib. Sərginin açılışında Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, yerli hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, valideynlər və məktəblilər iştirak ediblər. Sinan Məmmədlinin rəsm əsərlərinin təqdim olunduğu sərgidə bir-birindən maraqlı əl işləri tamaşaçıların böyük marağına səbəb olub.  Bu sərgidən sonra Sinan Məmmədli qalereyada yaradılmış “Gələcəyin rəssamları” dərnəyinə də cəlb edilib.

 

Gənc rəssama sənət yollarında uğurlar diləyirik.

 

Müəllif | Apa.Tv