Ərdoğan: "Qərbin irqçilik siyasəti utancvericidir"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Böyük 20-lik" liderlərinin Çində reallaşan sammiti çərçivəsində mətbuat konfransı keçirib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, konfransda çıxış edən Ərdoğan nitqinə Qərb ölkələrini irqçilikdə ittiham etməklə başlayıb: "Suriya böhranı yeni ölkələrin də bu məsələyə qarışması ilə çıxılmaz bir vəziyyətə düşüb. Bir tərəfdən ölkə daxilində çoxsaylı itkilər və terror təşkilatlarının fəaliyyəti, digər tərəfdən də bu problemin daha da alovlandırdığı miqrant dramı ilə bu məsələ dünyanın qanayan yarası olmaqda davam edir. Qərb ölkələrinin bilavasitə miqrant məsələsində sərgilədikləri irqçi davranış utancvericidir. Hazırda Suriyada qətlə yetirilənlərin sayı 600 min nəfəri keçib. Bu qədər insanın öldürüldüyü bir ölkədə hələ də qatil Əsədin öz vəzifəsində qalmasını müdafiə etmək mənə elə gəlir ki, insanlıq üçün çox utancvericidir".

 

Rəcəb Tayyib Ərdoğan miqrant probleminə nitqində geniş yer ayırıb. O, bu problemin "Böyük 20-lik" liderlərinin Antalyada keçirilən sammitində də diqqətə alındığını vurğulayıb. Türkiyənin dövlət başçısı bu gün miqrant məsələsində dünyanın böyük uğursuzluq yaşadığını təəssüflə qeyd edib: "Terrorizm və miqrant məsələsi "Böyük 20-liyin" Antalyadakı sammitinin də gündəmində vardı. Bu da bizim bu məsələdəki həssaslığımızın nə qədər olduğu çox açıq və aydın olduğunu göstərir. Təəssüf ki, miqrant məsələsində uğursuzluq yaşandı. Ərazisində 3 milyon suriyalı və iraqlı miqrantları bəsləyən Türkiyə bu məsələnin ən önəmli tərəflərindən biridir. Bu qədər miqranta ev sahibliyi edən ölkəmizin bu istiqamətdəki xərcləri 12 milyard dollardan bir qədər artıqdır".

 

Prezident Türkiyə ordusunun Cerablusda apardığı hərbi əməliyyatlar barəsində də danışaraq, mübarizənin bundan sonra da davam edəcəyini bəyan edib: "Biz nəyin bahasına olursa-olsun, terrorizmlə mübarizəni qərarlı bir şəkildə davam etdirməkdə qərarlıyıq. İstər bir prezident kimi özüm, istərsə də hökumətimizin bu məsələdə mövqeyi aydındır. Türkiyənin Cerablusda apardığı əməliyyatlar bu qərarlılığın ifadəsidir. 15 iyuldakı çevriliş cəhdindən sonra elan olunan fövqəladə vəziyyət yalnız FETÖ təşkilatlanması ilə daha təsirli və sürətli mücadilə aparma, eləcə də bu istiqamətdə lazımi tədbirlərin görülməsi məqsədi daşıyır".

 

Türkiyənin dövlət başçısı həmçinin iyulun 15-də ölkəsində baş vermiş çevriliş cəhdinin təşkilində bilavasitə adı hallanan FETÖ təşkilatının Türkiyə xaricində 170 ölkədə mövcud olduğunu bildirib: "FETÖ adlandırılan təşkilatın Türkiyədən savayı 170 ölkədə fəaliyyət göstərən qlobal bir şəbəkə olduğu unudulmamalıdır. Bütün dünyanı bu təşkilata qarşı diqqətli olmağa dəvət edirəm. Bir dost kimi xəbərdarlığımızı edirik".

 

Türkiyə prezidenti eyni zamanda "Böyük 20-lik" ölkələrinin budəfəki sammitini qlobal gündəmin geniş müzakirə edildiyi önəmli tədbir olaraq dəyərləndirib. 

Müəllif | Apa.Tv
Apa.tv