Bakıda iki yük maşını toqquşdu: bir ailənin 3 üzvü öldü
Bakıda iki yük maşınının toqquşması bir ailədən üç nəfərin ölümünə səbəb olub. APA TV-nin məlumatına görə, ağır yol qəzası Zığ şosesində baş verib.
Qəzaya düşən ailə kiçik sahibkarlıqla məşğul olurmuş və “QAZel” markalı avtomobillə cücə daşıyırmış. Daşla dolu “KamAZ” markalı yük maşını Zığ şosesində yoxuşu çıxa bilməyib və yolun hərəkət hissəsinin sağında dayanıb. Arxadan gələn “QAZel” isə dayanan yük maşınına çırpılıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Onlar “QAZel”də sıxılmış vəziyyətdə qalan üç nəfərin meyitini maşından çıxarıblar. Məlun olub ki, qəza nəticəsində dünyasını dəyişənlər 61 yaşlı sürücü Pirican Rzayev, sürücünün 24 yaşlı oğlu Sahib Rzayev və 40 yaşlı yeznəsi Elşad Qəhrəmanovdur. Avtomobilin yük yerində olan Tacəddin Qədirov isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Qəzanın dəqiq səbəbi məlum deyil. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.