Bakıda daha bir məktəb yeni görkəm aldı
Bakının Xətai rayonundakı 265 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi yeni tədris ilinə əsaslı təmir olunmuş binada başlayacaq.
Sentyabrın 5-də Azərbaycan prezidenti İlham Əliyev məktəbin binasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, bu təhsil ocağı dövlət başçısının sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq əsaslı surətdə təmir edilib.
Məktəb 1983-cü ildən fəaliyyət göstərir. Burada indiyədək heç vaxt bu cür əsaslı təmir işləri aparılmayıb.
Məktəbin bütün otaqları, o cümlədən fizika, kimya, biologiya, informatika otaqları zəruri avadanlıqla təchiz edilib. 1076 şagird yerlik məktəbdə tədris ikinövbəlidir. Məktəbdə tədris Azərbaycan və rus dillərində aparılır. Hazırda məktəbdə 48 sinifdə 1060 şagird təhsil alır. Təhsil ocağında 135 nəfər çalışır ki, bunlardan 109-u müəllimdir. Məktəbin yüksək səviyyədə qurulan yeməkxanası yeni tədris ilindən şagirdlərin ixtiyarında olacaq. Təhsil ocağının akt zalı da müasir səviyyədə yenidən qurulub.
Məktəbdə yaradılan şəraitlə tanış olan dövlət başçısı kollektivə uğurlar arzulayıb.