Lənkəranda kütləvi zəhərlənmə: 56 nəfər içməli sudan zəhərləndi

Lənkəranda kütləvi zəhərlənmə faktı qeydə alınıb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun ucqar yaşayış məntəqələrindən olan Daştatük kəndində baş verib.

 

Sentyabrın 5-də kənddən Lənkəran Mərkəzi Rayon Xəstəxanasına zəhərlənmə diaqnozu ilə 56 nəfər müraciət edib. Onların əksəriyyəti uşaqlardır.

 

Kənd sakinlərinin sözlərinə görə, son 3 gündə uşaqlarda qusma, halsızlıq, ürəkbulanma halları müşahidə olunub. Xəstələri ev şəraitində  müalicə etmək mümkün olmadığından xəstəxanaya müraciət ediblər.

 

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma şöbəsinin Lənkərana ezam olunmuş müdiri İmran Abdullayev ilkin müayinələrdən sonra zəhərlənmə hadisəsinin kənddəki içməli su mənbəyinin digər bir mənbə ilə qarışması nəticəsində baş verdiyinin ehtimal edildiyini bildirib. Onun sözlərinə görə, bu məqsədlə həmin su mənbəyindən nümunələr götürülərək Bakıya göndərilib. Qeydə alınmış zəhərlənmə faktı barədə yekun rəy laboratoriya müayinəsinin cavabından sonra məlum olacaq.

 

Lənkəran Mərkəzi Rayon Xəstəxanasından isə APA TV-nin yerli bürosuna daxil olmuş bütün xəstələrə zəruri tibbi yardımların göstərildiyi, onların əksəriyyətinin vəziyyətinin artıq yaxşılaşdığı üçün evə buraxıldığı bildirilib.

Müəllif | Apa.Tv