Türkiyə millisi “səssiz oyun”dan xalla qayıtdı

Futbol üzrə Türkiyə millisi 2018-ci il dünya çempionatının seçmə mərhələsində Xorvatiya millisi ilə səfər oyununda ilk xalını qazanıb.

 

APA TV-nin xəbərinə görə, Zaqrebdə keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

 

Oyun tamaşaçısız keçirilib. Xorvatiyanın Futbol Federasiyası azarkeşlərinin davranışlarına görə cəzalandırılıb.

 

“Səssiz oyun”da hesabı meydan sahibləri açıblar. 44-cü dəqiqədə hakim Türkiyə millisinin müdafiəçisi İsmayıl Köybaşının Luka Modriçə qarşı hərəkətini qayda pozuntusu kimi qiymətləndirib və penalti zərbəsi təyin edib. İvan Rakitiç 11 metrlik cərimə zərbəsini səhvsiz yerinə yetirib.

 

Xorvatiya millisinin üstünlüyü çox çəkməyib. Türkiyə millisi fasiləyə bərabərliklə yollanmağa nail olub. Yarımmüdafiəçi Hakan Çalkanoğlu cərimə zərbəsini ustalıqla yerinə yetirib və Türkiyə millisinin bərabərlik qolunu vurub.

 

İkinci hissədə komandalardan heç biri fərqlənə bilməyib. Beləliklə, hər iki komanda 1 xal qazanıb. Qrupdakı digər iki oyunda da eyni hesablı heç-heçə qeydə alınıb və 6 komandanın hamısının 1 xalı var.

 

Türkiyə millisi oktyabrın 6-da Ukrayna yığmasını qonaq edəcək.

Müəllif | Apa.Tv