Qətər Səudiyyə ilə Rusiyanın qərarını dəstəklədi: neft bahalaşır

Dünya bazarında neftin qiyməti bahalaşmaqda davam edir.  APA TV-nin məlumatına görə, həftənin ilk hərraclarında “Brent” markalı neftin bir barelinin maksimum qiyməti 46,94 dollar idisə, bu gün səhər seanslarında qiymət 47,72

dollara kimi yüksəlib.

 

Qərbi Texas nefti də bahalaşıb. İlk hərraclarda bir bareli 44,56 dollardan satılan WTİ nefti bu gün səhər seanslarda 45,31 dollardan təklif olunub. Ümumilikdə, neftin qiymətində artım müşahidə edilir.

 

Qətər hakimiyyətinin Səudiyyə Ərəbistanı ilə Rusiya arasındakı neft istehsalı ilə bağlı danışıqlarda verilən qərarı məmnuniyyətlə qarşıladığı bildirilib.

 

Enerji və sənaye naziri Məhəmməd Bin Salih Əs-Sadə Səudiyyə Ərəbistanı ilə Rusiya kimi neft istehsalçısı olan iki böyük dövlət arasındakı  əməkdaşlıqdan  və görüşlərdən əldə olunan nəticədən məmnunluq hissi keçirdiyini ifadə edib.

 

Əs-Sadə iki ölkə arasındakı görüşlərin dünya neft birjasını dəstəkləyəcək bir mexanizmin tapılması istiqamətində irəliləyişə nail olunmasını təmin edəcəyini bildirib.

 

Rusiya Energetika Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda, dünyanın iki ən böyük neft istehsalçısı olan Rusiya və Səudiyyə Ərəbistanının neft istehsalının  dondurulması istiqamətində razılıq əldə olunması üçün danışıqlara başladığı bildirilib.

 

Rusiyanın və Səudiyyə Ərəbistanının energetika nazirləri Aleksandr Novak və Xalid əl-Fəlih bu gün Çində keçirilən görüşdən sonra neft bazarında müsbət irəliləyişə nail olunmasını əks etdirən birgə bəyanat imzalayıb .

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv