Xameneyi: "Məkkəni Səudiyyə Ərəbistanından almaq lazımdır"

İranın ali dini rəhbəri Ayətullah Əli Xameneyi dünya müsəlmanlarına müraciət edib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, müraciətində Xameneyi müsəlmanların müqəddəs yerləri sayılan Məkkə və Mədinə şəhərləri üzərində nəzarətin Səudiyyə Ərəbistanından geri alınmalı olduğunu bildirib.

 

Eyni zamanda o, 2015-ci ildəki Həcc ziyarəti zamanı baş verən və minlərlə insanın ölümünə səbəb olan  hadisələrə görə məsuliyyətin məhz bu ölkənin üzərində olmasını da qeyd edib.

 

Xameneyi deyib ki, Həcc ziyarətini turist səfərinə çevirənlər, inqilabçı və inanclı İran xalqına qarşı düşmənçilik mövqeyi tutmaqla dini siyasiləşdirənlər ABŞ kimi böyük şeytanın uğursuzluğundan qorxan kiçik şeytanlardan başqa bir şey deyil.

 

Xameneyi həmçinin Ər-Riyadla İsrail arasında əlaqələrin normallaşmasının 2015-ci ildəki hadisələrlə eyni vaxta baş verməsini təsadüfi saymır.

 

Dini lider cari ildə ölkəsi üçün ziyarət kvotası ayrılmadığından da hiddətini ifadə edərək, mövcud vəziyyətdən çıxış yolunun Səudiyyə hökumətinin müqəddəs ziyarət yerləri üzərində hakimiyyətdən məhrum edilməsi və bu hakimiyyətin dünya müsəlmanlarına verilməsində gördüyünü də açıq şəkildə bildirib.

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv