Türkiyə İraq və Suriyanı bombaladı
Türkiyə Silahlı Qüvvələri Şimali İraqda PKK terror təşkilatına qarşı hava əməliyyatı keçirib.
APA TV-nin məlumatına görə, Qara bölgəsində iki hədəfin vurulması nəticəsində aralarında təşkilatın liderlərinin də olduğu 30 terrorçu məhv edilib.
Türk ordusu Suriya ərazisində də İŞİD terror təşkilatına aid 9 hədəfi Fırtına topları ilə vurub. Ötən gün "Fərat qalxanı" hərəkatı çərçivəsində Azad Suriya Ordusu koalisiya qüvvələrinin dəstəyi ilə 9 kəndi terrorçulardan azad edib. Türkiyə Silahlı Qüvvələrinin açıqlamasında bildirilir ki, əməliyyat zamanı bölgədə yaşayan mülki şəxslərin zərər görməməsi üçün hər cür tədbir görülür.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə Azad Suriya Ordusu avqustun 24-də Suriya ərazisində "Fərat qalxanı" hərəkatına başlayıb. Əməliyyatlar nəticəsində Cerablus və Çobanbəy qəsəbələri İŞİD-dən azad edilib. Eyni zamanda Türkiyə-Suriya sərhədində İŞİD-in nəzarət etdiyi ərazilər müxaliflərin nəzarətinə keçib. 40-dan çox kənd də İŞİD və PYD/YPG terrorçularından təmizlənib.