İsmayıllıda dəhşət: kişi həyat yoldaşını xəncərlə doğradı
İsmayıllı rayonunda ərlə arvad arasında baş verən ailə münaqişəsi qan tökülməsi ilə nəticələnib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Sulud kəndi ərazisində qeydə alınıb.
Kənd sakini, 1968-ci il təvəllüdlü Şamil Osman oğlu Hacıyev qısqanclıq zəminində aralarında baş verən ailə münaqişəsi zamanı həyat yoldaşı, 1974-cü il təvəllüdlü Humay Əfraz qızı Hacıyevaya boğaz, ağız, qarın və sinə nahiyəsindən xəncərlə 12 dəfə xəsarət yetirib. İki uşaq anası olan Humay Hacıyeva ölümcül vəziyyətdə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır.
Məlumata görə, qadın və həyat yoldaşı Bakıda işləyib. Onların arasında qısqanclıq zəminində mübahisə baş verib. Kişi həyat yoldaşını İsmayıllıdakı evinə gətirərək ağır işgəncə ilə onu öldürmək istəyib. Hadisəni törədən Şamil Hacıyev tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.