Bakıda daha iki məktəb əsaslı təmirdən sonra istifadəyə verildi
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 6-da Bakının Nizami rayonundakı 229 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
APA TV-nin məlumatına görə, dövlət başçısı məktəbin sinif otaqlarına, fənn kabinələrinə, akt və idman zallarına baxdı.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı prezident İlham Əliyevə məlumat verib.
Bildirilib ki, bu məktəb binası 1964-cü ildə inşa olunub. O vaxtdan bəri burada heç vaxt belə əsaslı təmir aparılmayıb. Məktəbin binasında əsaslı təmir işləri dövlət başçısının Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən həyata keçirilib.
Təhsil ocağının həyətində bu məktəbin məzunu, Milli Qəhrəman Yuri Kovalyovun barelyefi qoyulub. Məktəbin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilə göstərdikləri qayğını əks etdirən fotolardan ibarət stend yaradılıb. Tədrisin Azərbaycan və rus dillərində aparıldığı məktəbdə 964 şagird yeri var. Burada şagirdlərin təlim-tərbiyəsi ilə 101 müəllim məşğul olur. Məktəbin 43 sinif otağı var.
Bu gün prezident İlham Əliyev Bakının Nizami rayonundakı 109 nömrəli tam orta məktəbin binasında yenidənqurma işlərindən sonra yaradılan şəraitlə də tanış olub.
Diqqətə çatdırılıb ki, 109 nömrəli tam orta məktəbin binası 1966-cı ildə tikilib. Ötən dövrdə burada müəyyən cari təmir işləri görülsə də, binada əsaslı yenidənqurmaya ehtiyac yaranıb.
Məktəbin həyətində bu təhsil ocağının Qarabağ uğrunda döyüşlərdə şəhid olan məzunu Rəhilə Orucovanın büstü qoyulub.
Məlumat verilib ki, 760 şagird yerlik məktəbdə 42 sinif otağı və 5 fənn kabinəsi var. Sinif otaqlarının, o cümlədən fənn kabinələrinin hamısı müasir tədris avadanlığı ilə təchiz olunub. Burada uşaqların təlim-tərbiyəsi ilə 85 təhsil işçisi məşğul olur.
Məktəbdə yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzulayıb.