Məktəb bazarlığı neçəyə başa gəlir? - REPORTAJ
Yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Artıq məktəbli ləvazimatları satılan mağazalarda canlanma müşahidə olunur.
APA TV-nin çəkiliş qrupu paytaxtın bəzi mağazalarında olub və qiymətlərlə maraqlanıb.
Satıcı Eldar Abbasov deyir ki, ötən illərlə müqayisədə qiymətlər dəyişib, amma hər mağazada fərqli qiymət və fərqli endirimlər var: "Dəftərlərin qiyməti 15 qəpikdən 1 manata qədər dəyişir. Hazırda satışda Bakı, Türkiyə və Çin istehsalı olan dəftərlər var, qiymətlər isə vərəq sayı və keyfiyyətə görə dəyişir. Pozanlar 80 qəpikdən 1.20, 1.50-yə qədər satılır. Yapışqanların da qiymətləri firmalara görə dəyişir, 20 qəpikdən başlayır 1.50-də yekunlaşır. Rəngli karandaşlar 1.50-8 manat arası dəyişir. Məktəbli çantalarının qiyməti 10 manatdan 60 manata kimi, qələmlərin qiyməti 10 qəpikdən 1 manata, 1.50-yə kimi dəyişir. Gündəliklərin qiymətinə gəlincə, 1.50-3 manata satılır ki, bunlar da keyfiyyətinə və üz qabığına görə dəyişir".
Kitab və dəftər üçün üzlüklərin qiymətində də az da olsa, fərq var: "Kitab və dəftər üzləri 30-40 qəpikdən başlayır, 3 manatadək dəyişir. Bundan başqa, müştərilərə endirim olunur. Məktəblilər üçün su və yemək qablarının isə 16 manatdan başlayan qiymətləri 20 manatda yekunlaşır. Plastilinlərin və pley-doların satışında da qiymət fərqi var. Belə ki, Rusiya istehsalı olan plastilinlər 1.50-dən 2.60-dək, pley-dolar isə 7-8 manat arası dəyişir. Quaş, boya və sulu boyanın qiymətləri də 2.50-dən başlayır, 5 manata kimi dəyişir. Keyfiyyəti zəif olan da var, yaxşı olan da. Keyfiyyətə görə qiymət də fərqlidir".
İş dəftərləri də məktəb ləvazimatlarının əsas hissəsidir: "2015-ci ilin iş dəftərləri köhnə qiymətə satılır. 1, 5, 9-cu siniflərin iş dəftərləri isə satışa verilməyib. Məktəbdən şagirdlərə pulsuz verilir. Digərlərinin qiyməti isə 3 manatdan 6 manat arasında dəyişir. 2016-cı ilin iş dəftərlərinin satışa nə vaxt buraxılacağına gəlincə, onu deyə bilərəm ki, nəşriyyatlardan bizə verilən məlumata görə, məzmun 2015-ci ildə olduğu kimi qalacaq. Yalnız format və üz qabığı dəyişərək satışa buraxılacaq".
Satıcıların dediklərinə görə, onlar əhalinin güzəranını bildikləri üçün bahalı alman, Avropa məhsulları sifariş vermirlər.
Həmsöhbətimiz olan valideynlər də bildirir ki, paytaxtın bəzi yerlərində ucuz məktəbli ləvazimatları tapmaq olar. Söhbət "28 May" metro stansiyasının ətrafındakı topdansatış mağazalarından gedir. Orada da çoxlu sayda məktəbli ləvazimatları satan mağazalar var və həmin mağazalarda qiymət artımı demək olar ki, yoxdur.
Qiymətlərdən razı olan valideynlər də var, narazı qalanlar da.
- İki övladım üçün məktəb bazarlığına çıxmışam. Biri 2-ci, digəri 5-ci sinifdə oxuyur. Ötən illə müqayisədə qiymətlər bahalaşıb. Qiymət artımı məktəbli çantasından tutmuş hər şeydə hiss olunur.
- Birinci sinfə gedir övladım bu il. Çox sevinirəm. Alış-verişə çıxmışıq. Hələ ki qiymətlərdən tam xəbərim yoxdur.
- Bir oğlum gedir məktəbə. Məktəbli formasından başqa demək olar ki, hər şey bahadır. Çox bahalıqdır. Buna baxmayaraq, hər şey almışıq. İndi ortopedik çantalarla maraqlandım, 40 manatdan başlayır qiymətlər 60-70 manata qədər.
- Qiymət fərqi hissi olunur. Amma sizə deyim ki, mağazalar arasında da fərq var. Məsələn, burda həmişə ucuzluqdur. Burda həm də keyfiyyət gözəldir. Qiymət cibimizə uyğundur.
- İki uşaq üçün məktəbli bazarlığı edirəm. Əslində birinə almışam, digər uşaq üçün də bu gün çıxmışam. Hara ucuzluqdur, ora gedirəm. Bu mağazada demək olar ki, qiymətlər o qədər də baha deyil. Kitabları almışam, yalnız dəftərlər və iş dəftərləri alacam.
Satıcıların sözlərinə görə, keçən illə müqayisədə qiymətlər 25-30% bahalaşıb və bu proses davam edir. İbtidai siniflər üçün test kitabçaları, dəftərlər, xətkeş, qələm, gündəliklər və s. ləvazimatların qiyməti 30%-dən çox artıb.