İsrailin Azərbaycandakı səfiri Lənkəranda olub

Sentyabrın 6-da İsrail dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stavin Lənkərana səfərə gəlib.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, rayonla tanışlıq məqsədi daşıyan səfər çərçivəsində diplomatla Lənkəran Şəhər İcra Hakimiyyətində (ŞİH) görüş keçirilib.

 

İcra başçısı Taleh Qaraşov səfirə Lənkəranın qədim tarixi, rayonun coğrafi mövqeyi, adət-ənənəsi, mədəniyyəti haqqında məlumat vermiş, iqtisadiyyatın əsasını təşkil edən tərəvəzçiliyin, çayçılığın, sitrusçuluğun, çəltikçiliyin, heyvandarlığın inkişafı istiqamətində son illərdə həyata keçirilən tədbirlər, aqrar bölmənin dirçəldilməsi üçün atılan addımlar barədə məlumat verərək, rayonun turizm potensialına diqqətin artırıldığını bildirib.

 

Səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirən Dan Stavin İsrail-Azərbaycan dövlətləri arasında ikitərəfli əməkdaşlığın getdikcə inkişaf etdiyini söyləməklə, “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsi barədə fikirlərini bölüşüb, Lənkəranın kənd təsərrüfatında, elm, təhsil və turizm sahəsindəki potensialı ilə, rayona xarici investorların cəlb edilməsi istiqamətində görülən tədbirlərlə maraqlanıb.

 

Görüş zamanı həmçinin ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib, qarşılıqlı fikir mübadiləsi aparılıb. Sonda səfirə Lənkəran xalçası və çayı hədiyyə edilib.

 

Qeyd edək ki, səfər çərçivəsində Dan Stavin şəhərlə tanışlıq məqsədilə Heydər Əliyev Mərkəzində, Tarix-Diyarşünaslıq Muzeyində, Müalicə-Diaqnostika Mərkəzində və rayonun bir sıra istehsal müəssisələrində olub.

 

Müəllif | Apa.Tv
Apa.tv