20 il "yatmış" şəxs bibisi oğlunu toyda amansızlıqla öldürdü

İsmayıllı rayonunda qətl hadisəsi törədən şəxs xəstəxanadan qaçsa da sonradan tutulub.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə ötən gün axşam saatlarında rayonun Topçu kəndində keçirilən toy mərasimində qeydə alınıb.


Kənd sakini, 1976-cı il təvəllüdlü Hüseynov Canpolad Firudin oğlu toy mərasimində spirtli içki qəbul etdikdən sonra şəxsi münasibətlər zəminində baş verən dava zamanı bibisi oğlu, 1976-cı il təvəllüdlü Feyzullayev Hikmət Kazım oğluna çoxsaylı bıçaq xəsarətləri yetirib.


Döş qəfəsi, qarın boşluğu və sol bud nahiyəsindən 3 bıçaq xəsarəti alan Hikmət Feyzullayev təcili olaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da orada dünyasını dəyişib. Hadisəni törədən Canpolad Hüseynov bıçaqlanma zamanı öz əlindən də xəsarətlər alıb və müalicə məqsədilə xəstəxanaya yerləşdirilib. Həkimlər ona tibbi yardım göstəriblər. Canpolad Hüseynov bibisi oğlunun öldüyünü eşidərək xəstəxanadan qaçıb. Rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları qətli törədən Canpolad Hüseynovun tapılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçiriblər və o, isti izlərlə tapılaraq istintaqa təhvil verilib.

 

Qeyd edək ki, Canpolad Hüseynov 20 il məhkumluq həyatı yaşayıb və həbsxanadan azadlığa bu yaxınlarda çıxıb.


Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Elvin Yaqubov