Türkiyənin "uçuşa qapalı bölgə" yaradılması təklifinə ABŞ-dan etiraz
ABŞ Türkiyə dəstəkli Azad Suriya Ordusunun Əl-Bab şəhərini İŞİD-dən azad etməsinə razıdır. APA TV-nin məlumatına görə, bunu "Hürriyet" qəzetinə danışan Pentaqon rəsmisi deyib.
"Biz Menbiç İŞİD-dən təmizləndiyi üçün Türkiyənin oraya doğru irəliləməsini istəmədik. Ancaq Əl-Bab İŞİD-dən nə qədər tez qurtarılsa o qədər yaxşıdır", - deyə Pentaqondan bildirilib.
Adı açıqlanmayan Pentaqon rəsmisi Türkiyənin etirazından sonra Suriya demokratik güclərinin də qərbə irəliləməyi dayandırıb, Fəratın şərqinə çəkildiyini vurğulayıb: "Suriya demokratik gücləri artıq Fəratın qərbində irəliləməyəcək. Planda Raqqa var. Ona görə Əl-Babı kim azad etsə məmnun olarıq".
Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə Azad Suriya Ordusuna məxsus 2000 silahlının azad etdiyi Türkiyə-Suriya sərhədindəki 98 km-lik sahədə uçuşa qapalı bölgə yaradılması təklifi ABŞ tərəfindən qəbul olunmayıb. Təklif Ərdoğan tərəfindən irəli sürülmüşdü. ABŞ prezidenti Barak Obamanın milli təhlükəsizlik heyətindən məsələ ilə bağlı açıqlama verilib.
"Uçuşa qapalı bölgədən ABŞ imkanları üçün istifadə edilməsinin ən yaxşı vasitə olmadığını müəyyən etdik. Onun yerinə ABŞ əlindəkiləri Suriyada İŞİD və "əl-Qaidə"nin məhv edilməsinə xərcləyəcək" - deyə açıqlamada bildirilir.