Göyçayda mənzildə qaz partlayışı: bir ailənin 4 üzvü yandı
Göyçay rayonunda fərdi yaşayış evində qaz sızması partlayışa və yanğına səbəb olub, bir ailənin 4 üzvü yanıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saat 8:00 radələrində rayonun Malı-şıxlı kəndində qeydə alınıb.
Kənd sakini, 1980-ci il təvəllüdlü Həşimov Atəş Millət oğluna məxsus evin mətbəxində baş verən partlayış zamanı ev sahibi Atəş Həşimov, 1982-ci il təvəllüdlü həyat yoldaşı Kəmalə Rza qızı Həşimova, övladları - 2006-cı il təvəllüdlü Səbinə və 2009-cu il təvəllüdlü Samir müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Həkimlərin səyi nəticəsində onların həyatı xilas edilib. Xəstələrin vəziyyəti ağır olduğu üçün onlara tibbi yardım göstərildikdən sonra müalicə üçün Bakı şəhərinə, Respublika Yanıq Mərkəzinə yola salınıblar.
Partlayışdan sonra yanğın baş verən mənzilə FHN-in Göyçay rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Evin bir otağı yansa da, qalan hissəsi alovdan mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.