Qurban bayramında sərnişin sıxlığı necə aradan qaldırılacaq?

"Bayram günlərində sərnişin axınının artması adi hala çevrilib. Rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlarımız dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verirlər. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamenti müqəddəs Qurban bayramı və yeni dərs ili ərəfəsində gücləndirilmiş iş rejimində çalışacaq".

 

Bunu APA TV-yə açıqlamasında Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.

 

O qeyd edib ki, bu sahədə ciddi hazırlıq işləri artıq yekunlaşıb. Yeni dərs ili ərəfəsində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək: "Adi günlərdə 2-3 min nəfər sərnişin daşınırsa, bayram günlərində bu rəqəm 6 min nəfərə yaxınlaşır. Bütün hazırlıq işləri artıq başa çatdırılıb. Kondisioner sistemləri yoxlanılıb, bütün qatarlar texniki baxışdan keçirilib. Sentyabrın 8-dən əlavə vaqonlar qoşulacaq. Biletlər 10 gün əvvəldən satılıb. Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara bilet satışı isə həmin vaqon qatara qoşulan gün həyata keçirilir".

 

Bakı Beynəlxalq Avtovağzalının növbə rəisi Məhəmməd Abdullayev bildirib ki, gücləndirilmiş iş rejimi sentyabrın 9-dan 15-dək tətbiq olunacaq. Bundan başqa, paytaxtda və bölgələrdə bayram ərəfəsi və yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq təhlükəsizlik tədbirləri gücləndirilib.

 

M.Abdullayevin sözlərinə görə, bayram günlərində sıxlıq əsasən sentyabrın 9-dan etibarən müşahidə olunacaq və 10-11 sentyabr tarixlərinədək davam edəcək: "Təyin olunmuş bütün reyslər üzrə 10 gün əvvəlcədən bilet satışları həm onlayn, həm də kassadan davam etdirilir. Adi günlərdən fərqli olaraq, bayram günlərində əlavə 200-dək nəqliyyat vasitələrinin reyslərə buraxılması nəzərdə tutulub. Belə ki, adi günlərdə 380-400 nəqliyyat vasitəsi ilə 9-10 min sərnişin yola salınırsa, bayram ərəfəsində 600-dən yuxarı nəqliyyat vasitəsi və 15 mindən yuxarı sərnişin yola salınması nəzərdə tutulub”.

 

M.Abdullayev əlavə edib ki, kənardan dəvət olunan nəqliyyat vasitələrinin fəaliyyətinə 11 nəfərdən ibarət qiymət komissiyası nəzarət edəcək.

 

 

Müəllif | Apa.Tv
Apa.tv