MSK və DİN Şirvanda referendumla bağlı zona seminar-müşavirəsi keçirdi

Mərkəzi Seçki Komissiyası (MSK) və Daxili İşlər Nazirliyi (DİN) Şirvanda referendumla bağlı zona seminar-müşavirəsi keçirib.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, sentyabrın 26-na təyin olunmuş ümumxalq səsverməsində (referendum) polis əməkdaşlarının xidməti fəaliyyətinin təkmilləşdirilməsinə dair Şirvan şəhərində 19 şəhər və rayonun DSK sədrləri və polis nümayəndələri üçün zona seminar-müşavirəsi keçirilib.

 

Tədbirin təşkilində əsas məqsəd seçki qanunvericiliyinin və polisin üzərinə düşən vəzifələrin izah edilməsi olub. Seminar-müşavirədə MSK-nın, Daxili İşlər Nazirliyinin, şəhər və rayon polis idarələrinin nümayəndələri və dairə seçki komissiyalarının sədrləri iştirak edib.

 

Seminar-müşavirədə seçki qanunvericiliyi, seçki sistemi, səsvermə prosesi, onun mərhələləri və müddətləri, seçki komissiyaları və polis orqanlarının birgə fəaliyyəti mövzularında çıxış edən Mərkəzi Seçki Komissiyasının üzvü Qabil Orucov bildirib ki, Gəncədən başlayan belə maarifləndirici tədbirlər Şəki və Bakıda da keçirilməklə sentyabrın 15-dək davam edəcək.

 

Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi Əziz Baxışov referendum kampaniyası dövründə və səsvermə günü ictimai qaydanın təmin edilməsi ilə bağlı polis əməkdaşlarının hüquq və vəzifələrindən danışıb. O, çıxışında səsvermədən sonra seçki bülletenlərinin və digər sənədlərin Dairə və Mərkəzi Seçki Komissiyasına gətirilməsi zamanı yüksək təhlükəsizlik tədbirlərinin görülməsinin vacibliyini vurğulayıb.

 

Sonra MSK üzvü İlkin Şahbazov referendumun subyektləri, onların hüquq və vəzifələri, fəaliyyətlərinə qanunsuz müdaxilənin yolverilməzliyi mövzusunda çıxışı dinlənilib.

 

Sonda tədbir iştirakçılarına polis əməkdaşlarının ümumxalq səsverməsində iştirakına dair yaddaş kitabçası paylanılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv