Astarada sel fəlakəti: körpü uçdu, elektrik enerjisi kəsildi
Gecə saatlarından başlayaraq Azərbaycanın cənub bölgəsində güclü leysan yağmağa başlayıb.
APA TV-nin cənub bürosunun məlumatına görə, leysan bölgədə daha çox Astara rayonunda fəsadlara səbəb olub.
Rayonun dağlıq ərazidə yerləşən Vaqadi kəndi leysan yağışları nəticəsində əmələ gələn sel sularından daha çox ziyan çəkib.
Dağlardan gələn sel suları kənddəki 10-dan çox yaşayış məntəqəsini birləşdirən körpünü yuyaraq aparıb. Kəndarası yollar bərbad vəziyyətə düşüb. Kənddəki sitrus bağlarına, fərdi təsərrüfatlara xeyli ziyan dəyib.
Kənddə bəzi yerlərdə mövcud olan sürüşmə sahələrində aktivlik artıb.
Qeyd edək ki, hazırda təbii fəlakət nəticəsində Astaranın ucqar yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi də dayandırılıb.