Zaqatalada tələbə adını qazanmış gənclərlə görüş keçirildi

Zaqatala rayonunun rəhbərliyi tələbə adını qazanmış gənclərlə görüşüb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayan görüşdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil işçiləri, tələbə adını qazanmış gənclər və onların valideynləri iştirak edib.

 

Tədbir zamanı yola saldığımız təhsil ilinin rayon üçün uğurlu olduğu diqqətə çatdırılıb. Bildirilib ki, bu il rayon üzrə qəbul imtahanlarına qatılan abituriyentlərin 77%-i ali məktəblərə daxil olub. Tələbə adını qazanmış 390 nəfər gəncdən 39 nəfəri ötən il, 351 nəfəri isə bu il orta məktəbi bitirən məzunlardır. Bu il orta məktəbi bitirən məzunlardan 316 nəfəri Azərbaycanın, 35 nəfəri isə xarici ölkələrin təhsil müəssisələrində təhsil alacaq.

 

Çıxışlar zamanı həmçinin bu il rayon üzrə 26 məzunun 600-dən, 44 nəfər məzunun isə 500-dən yuxarı bal topladıqları diqqətə çatdırılıb. Məzunları müstəqil həyatlarının ilk böyük nailiyyəti münasibətilə təbrik edən rayon rəhbərliyi onların dövlətimizə, vətənimizə layiqli vətəndaş olacaqlarına əminliyini ifadə edib.

 

Sonda qəbul imtahanlarında yüksək bal toplayan tələbələrə hədiyyələr təqdim edilib.

Müəllif | Apa.Tv
Apa.tv