İsmayıllıda təbii fəlakət: dolu, leysan və sel ciddi ziyan vurub

Bu gün saat 15:00 radələrində İsmayıllı rayonuna güclü dolu düşüb. Təqribən 10-15 dəqiqə davam edən dolu təsərrüfatın ayrı-ayrı sahələrinə ziyan vurub.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, dolu dənələrinin böyük olması səbəbindən evlərin və sosial obyektlərin dam örtüyünə, meyvə ağaclarına, habelə avtomobillərə də ziyan dəyib.

 

Dolunun ardınca isə küləklə müşayiət olunan leysan xarakterli güclü yağış yağmağa başlayıb. İsmayıllı şəhərinin bəzi küçələrini və kəndləri sel basıb. İsmayıllı şəhərinin mərkəzi küçələrində sel səbəbindən piyadaların və avtomobillərin hərəkəti bir müddət iflic olub. Yollarda keçilməz su gölməçələri və qalın lil qatı əmələ gəlib. Sel suları ev quşlarını tələf edib, tərəvəz və bostan məhsullarına xeyli ziyan dəyib. Rayon mərkəzinin bir hissəsinə və bəzi kəndlərə elektrik verilişi dayanıb.

 

Hazırda rayonda güclü şimşəklə müşayiət olunan leysan yağışı davam edir. Təsərrüfatlara dəyən ziyanın miqdarı hələlik dəqiq bilinmir. 

Müəllif | Apa.Tv
Apa.tv