XV Yay Paralimpiya oyunları başladı: bayrağımız İlham Zəkiyevdə!
Sentyabrın 8-də Bakı vaxtı ilə saat 02:00-da Braziliyanın Rio-de-Janeyro şəhərindəki “Marakana” stadionunda XV Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib.
APA TV-nin xəbərinə görə, XV Yay Paralimpiya Oyunlarında idmanın 22 növü üzrə 528 dəst medal uğrunda yarışlar keçiriləcək. Bu, “London-2012” Yay Paralimpiya Oyunları ilə müqayisədə 25 dəst çoxdur. Medal sayının artırılması yarışlarda qadın idmançılarının geniş heyətlə çıxışı ilə əlaqədardır.
Paralimpiadada ümumilikdə 4350 idmançı medallar uğrunda mübarizə aparacaq. Onların 1650-si qadındır. Bu, “London-2012”dən 9,9 faiz, “Atlanta-1996”dan isə iki dəfə çoxdur. Qadınlar 224 dəst medal uğrunda yarışacaqlar. Bu isə medalların 43 faizini təşkil edir.
Maestro Joao Karlos Martinsin dirijorluğu ilə Braziliyanın dövlət himninin səsləndirilməsindən sonra yığma komandaların təntənəli keçidi olub.
Açılış mərasimində Azərbaycan bayrağını ikiqat Paralimpiya çempionu, “Bakı-2015” ilk Avropa Oyunlarının qalibi İlham Zəkiyev aparıb.
Azərbaycan XV Yay Paralimpiya Oyunlarında 24 idmançı ilə təmsil olunur. Paralimpiyaçılarımız “Rio-2016”ya idmanın 6 növü üzrə 41 lisenziya qazanıblar. İdmançılarımız cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma yarışlarında mübarizə aparacaqlar.