Qoyunu oğurlanan şəxs: "Kişi kimi qoydu maşına, dedi dədəmdən qalıb..."

Ağdam rayonunun Eyvazlı kəndində oğurluq hadisəsi baş verib. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, kənd sakini Nizami Hüseynov həyətyanı sahəsinə tanımadığı 2 nəfərin daxil olduğunu görüb.

 

“Çağırılmamış qonaqlar” xırda buynuzlu bir baş heyvanı tutub maşına qoyublar. Zərərçəkən dərhal qardaşlarına və rayon polis şöbəsinə məlumat verib. Nizami Hüseynov və yaxınları qoyun oğrularından birini yaxalaya biliblər: “Sahədəydim. Gördüm ki, dalanın yanında maşını saxladı getdi. Kişi kimi qoydu maşına, dedi dədəmdən qalıb. Maşının qabağını kəsdik. Dedi “Bir qələtdir eləmişəm, bir də eləmərəm. Məni burax, qardaşıma zəng edim, sənə 10 min gətirsin versin”. Polisə xəbər vermişdim. Gətirdilər şöbəyə”.

 

Oğurluq edən şəxslərdən biri tutulsa da, digəri qaça bilib. Ələ keçən şəxs Laçın rayonunun Zerti kənd sakini, hazırda Tərtər rayonunun Şıxarx kəndində yaşayan 28 yaşlı Vəliyev Qədir Əli oğludur: “Uşaq dedi ki, elə bil tanış adamın heyvanıdır. Gedək götürək gələk. Mən maşın sürənəm”.

 

Ağdam Rayon Polis Şöbəsi oğurluqda iştirak edən və qaçıb aradan çıxan şəxsin -  Ağdam rayonunun Qaradağlı kənd sakini, 42 yaşlı Məmmədov Tahir Məhəmməd oğlunun axtarış tədbirlərini davam etdirir.

 

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv