Bibisinin evindən oğurluq etdi

"Pula ehtiyacım vardı. Tanıdığım yer idi. Gedib girmişəm. Tanıdığım ev olub. Pəncərədən girdim". Pəncərəni sındırıb mənzilə daxil olan Tağıyev qəsəbəsinin Xəzri yaşayış massivində yaşayan Ağayev Qardaşxan Arif oğlunun 21 yaşı var.

 

APA TV-nin xəbərinə görə, Sumqayıt Dövlət Universitetinin riyaziyyat və mexanika fakültəsinin 4-cü kurs tələbəsi olan bu gənc oğlan qonşuluqda yaşayan 17 yaşlı Elbrus Süleyman oğlu Əhmədovla əlbir olaraq, Ağababa küçəsindəki fərdi evlərin birinə daxil olub.

 

Onlar Bəsdiqız Qardaşxan qızı Ağayevanın mənzilindən 1500 manat nağd pul və ov silahı oğurlayaraq, vətəndaşa xeyli miqdarda maddi ziyan vurublar. Polisə ərizə müraciət edən qadına şübhəli şəxslərin saxlandığı xəbər verilib. Bölmədə üzləşmə zamanı qadın saxlanılan şəxsin qardaşı oğlu olduğunu görüb: "Hadisənin Ağayev Qardaşxan Arif oğlu tərəfindən təşkil olunduğu müəyyən olunub. Ərizəçi Ağayeva Bəsdiqız Qardaşxan qızı onun doğma bibisidir. O, evdə heç kimin olmadığından dəqiq məlumatlı olduğundan, bu əməli törətdiyini bildirib".

 

Təhqiqat araşdırması zamanı məlum olub ki, 17 yaşlı Elbrus Əhmədov hadisə zamanı evin həyətində pusquda durub.

 

Qeyd edək ki, 21 yaşlı Elbrus Əhmədov ötən il eyni əmələ görə məhkum olunub. Məhkəmə onun tələbə olduğunu nəzərə alaraq, cərimə kəsməklə kifayətlənib.

Müəllif | Apa.Tv
Apa.tv