Matviyenko: “Miqrantlara MİNİMUM ƏMƏK HAQQI verilməlidir”
Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko ölkədə əmək miqrantları üçün minimum əmək haqqının müəyyənləşdirilməsini təklif edib. APA TV-nin xəbərinə görə, o bildirib ki, bu məbləğ ən azı minimum istehlak səbətinə bərabər olmalıdır:
"Miqrantların maaşları dilənçi payıdır, heç o pulu belə onlara aylarla ödəmirlər. Təbii ki, bu faktor da insanları cinayət törətməyə sürükləyir".
Matviyenko əlavə edib ki, sahibkarlar işə götürdükləri miqrantların yataqxana və ya kirayə evlərdə məskunlaşmasını da təmin etməlidir. “Lakin elə etmək lazımdır ki, bir mənzilə 150-200 nəfər qeydiyyata düşməsin və sonra o şəxsləri axtarmaqla məşğul olmayaq”.
Moskva hakimiyyəti isə miqrantların qanunsuz məskunlaşdığı “rezin mənzillərin” yerinin müəyyənləşdirilməsi məqsədilə xüsusi qaynar xətt yaratmağa hazırlaşır. Vətəndaşlar yaşayış üçün heç bir şəraiti olmayan yarımçıq tikililər, baraklar, çadırlarda məskunlaşan miqrantlar barədə qaynar xəttə məlumat verə biləcəklər. Qaynar xəttin yaradılmasında məqsəd miqrantları o tikililərdən köçürmək deyil, onları daha yaxşı şəraitə malik yerlərdə məskunlaşdırmaqdır.