Bakıda "Xəyanətdən qələbəyə" sənədli filminin təqdimatı keçirilib
Bakıda Türkiyə səfirliyinin, TRT-nin və Anadolu Agentliyinin təşkilatçılığı ilə 15 iyul tarixində Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı çəkilmiş "Xəyanətdən qələbəyə" sənədli filmin təqdimat mərasimi keçirilib.
APA TV-nin məlumatına görə, tədbirdə Azərbaycanın ictimai-siyasi xadimləri, media rəhbərləri və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə Türkiyə və Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Ardınca hər iki ölkənin dövlət himnləri səsləndirilib. Mərasimdə çıxış edən TİKA-nın Bakı üzrə proqram koordinatoru Adəm Urfa bu tədbirlə 15 iyul hadisələri zamanı Türkiyənin nə dərəcədə böyük təhlükəni aradan qaldırıldığını göstərmək istədiklərini bildirib və terrorla mübarizədə Azərbaycanın da Türkiyənin yanında olduğunu qeyd edib.
Daha sonra çıxış edən Anadolu Agentliyinin Asiya və Qafqaz üzrə bölgə müdiri Tolqa Özgenç 15 iyul gecəsi Azərbaycan xalqının da Türkiyə xalqı kimi yuxusuz qaldığını bildirib.
TRT-nin Bakı nümayəndəliyinin rəhbəri Yıldıray Arslan bu tədbirlə türk xalqının canı ilə qarşısını aldığı hadisəni Azərbaycan xalqına çatdırmaq olduğunu bildirib.
Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi şöbəsinin əməkdaşı Bəhruz Həsənov çıxışında Azərbaycanda 15 iyul hadisələrinin hər dəqiqəsinin həyəcanla izlənildiyini deyib. O bildirib ki, Azərbaycan prezidenti dərhal hadisə ilə bağlı qətiyyətli mövqeyini bildirib, hadisəni dövlət çevrilişi adlandırıb.
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun çevrilişə cəhdin ilk dəqiqələrindən Azərbaycanın Türkiyənin yanında olduğunu bildirib. Onun sözlərinə görə, Türkiyə Azərbaycanın bu məsələdə mövqeyindən məmnundur və FETÖ-yə qarşı birgə mübarizəni davam etdirəcək.
Daha sonra sənədli film nümayiş olunub. Tədbirdə 15 iyul hadisələrini əks etdirən fotolardan ibarət sərgi də təşkil edilib.