Obama Putinə son dəfə təklif etdi - "GƏL RAZILAŞAQ"

ABŞ Rusiyaya Suriya məsələsində razılıqla bağlı sonuncu təklifini edib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə məlumat Obama Administrasiyasından verilib.

 

Sözügedən təklif "Böyük 20-lik" ölkələrinin sammiti çərçivəsində Ağ Ev rəhbəri Barak Obama ilə Rusiya prezidenti V.Putin arasındakı görüş zamanı səsləndirilib.

 

Əldə olunan məlumatlara əsasən, rəsmi Vaşinqton qarşıdakı bir neçə gün ərzində Moskvadan təklifə münasibət bildirilməsini gözləyəcək.

 

Sözügedən təkliflərdə əsasən Suriya ərazisində sülhün bərqərar edilməsi, humanitar dəhlizin təminatı, Suriya aviasiyası uçuşlarının dayandırılması, eləcə də İŞİD mövqelərinin Rusiya tərəfindən bombalanması öz əksini tapıb.

 

Bununla yanaşı, təkliflərin qəbul edilməyəcəyi halda Vaşinqtonun atacağı addımlar barəsində hər hansı məlumat verilmir.

 

Qeyd edək ki, ABŞ prezidenti İngiltərənin baş naziri Tereza Mey ilə birgə keçirdikləri brifinqdə Rusiyadan Suriya məsələsində güzəşt edilməsini gözlədiklərini bəyan edib. B.Obama eyni zamanda Vaşinqtonla Moskva arasında Suriya məsələsində bəzi fikir ayrılıqlarının olduğunu da qeyd edib.

 

Müəllif | Apa.Tv
Apa.tv